"Cəhənnəm olsun bağ da"

Xalq artisti, millət vəkili Zeynəb Xanlarova həbs edilmiş ilahiyyatçı Tale Bağırzadəyə qarşı ittihamlarda adının hallanmasına münasibət bildirib.

Qaynar.info-nun məlumatına görə,  Z.Xanlarova “Azadlıq” qəzetinin sorğusuna cavab olaraq bildirib ki, bu məsələdə adının hallanması ona çox pis təsir edib: “İnanın, özümə gələ bilmirəm. Mən Nardaran camaatından həmişə hörmət görmüşəm. Mən məscid tikdirmişəm. Mən məhz onların xahişi ilə prezidentin qəbulunda olub kommunal problemlərini qaldırmışam. Hörmətli prezidentə demişəm ki, onlar mərd, kişi adamlardır. Prezident də mənim xahişimdən sonra onların kommunal problemlərinin həllinə göstəriş verib.

Bilirsiniz nə var, mən kişi qızıyam. Mənim üçün heç vaxt müxalifət-iqtidar söhbəti olmayıb. Mənim üçün həmişə xalq olub. Mən həmişə aşağı təbəqəni sevmişəm, onların mövqeyində olmuşam, onlara yaxşılıq etməyə çalışmışam. İndi bu nə şərdir yaxırlar mənə? Mən heç kimdən şikayət etməmişəm. Cəhənnəm olsun bağ da. Kiçik bir hadisədir olub, onu da nardaranlılardan görmürəm. Tələb edirəm ki, mənim adımı bu məsələlərdə hallandırmasınlar.

Yenə deyirəm, mən həmişə yaxşılıq etməyə çalışmışam. O oğlanın həbsini də eşidən də çox pis oldum ki, gənc bir övladımız həbsə düşüb.

O ittihamı hazırlayanlara deyirəm, kimi tutmaq istəyirsinizsə, kişi kimi, öz adınızdan tutun, mənim adımı bu işə qatmayın. Mənim işim ayrı-ayrı ölkələrdə Azərbaycanı layiqincə təmsil edib tanıtmaq, bayrağımızı ucaltmaqdır, adam tutdurmaq deyil”.

Z.Xanlarova daha sonra əməkdaşımızı telefonda gözlədərək, pararlel olaraq daxili işlər naziri Ramil Usubova telefon açıb. O, telefonu qaldıran şəxsə təcili nazirlə danışmaq istədiyini bildirib. Nazirin yerində olmadığı cavabını alan Zeynəb xanım öz iradını dəstəyi qaldıran nazirlik rəsmisinə çatdırıb və bu barədə Usubova məruzə olunmasını xahiş edib. Z.Xanlarova nazirdən bu məsələdə onun adını hallandıranlara qarşı ölçü götürülməsini istəyir.

Xatırladaq ki, T.Bağırzadənin vəkilinin bugünlərdə məlumat vermişdi ki, istintaqda müdafiə etdiyi şəxsə Z.Xanlarovanın və bir nazir müavininin bağ evlərini onun adamlarının yandırdığı haqda şahid ifadələri var.

Qaynar.info